Языки народов зарубежных стран Европы, Азии, Африки | Филологический аспект №3 (35) Март, 2018

УДК 81

Дата публикации 31.03.2018

Qloballaşma dünən və bu gün

Абдуллаева Кенуль Таваккул
Преподаватель Азербайджанского Государственного Университета Нефти и Промышленности, Докторант Азербайджанского Государственного Педагогического Университета

Аннотация: Hələ qədim dövrlərdə dünyanın vahid bir hakimiyyət altında birləşdirilməsi, bütün insanların bir araya gətirilməsi cəhdləri olmuşdur. Buna tarix boyu müxtəlif dövrlərdə qurulan imperiyaları və eyni zamanda bu imperiyaları quran, dünyanı bir bayraq, bir dil, bir din altında birləşdirməyə çalışan sərkərdələri ( Atilla, Yuli Sezar, Osman Qazi, Makrdoniyalı İsgəndər, Çingiz xan və s.) misal göstərmək olar. Qloballaşmanın “ilk erası” XIX əsr hesab olunur. Bu məqalədə qloballaşma haqqında müxtəlif fikirlər qeyd olunmuşdur. Eyni zamanda qloballaşmanın dünya ölkələrinə təsir gücü müəyyənləşdirilmişdir. Bu ölkələr arasında Azərbaycan əsas və önəmli yer tutur.
Ключевые слова: qloballaşma, inteqrasiya, tərəqqi, inkişaf, cəmiyyət, millət, milli, dil, mədəniyyət

Abdullayeva Könül Təvəkkül q.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı

Fransız-ingilis dili mütəxəssisi Allahyar Eyuboğlu qloballaşmaya belə izah verir: “Qloballaşma – ataların əleyhinə olduğu, övladların isə dəstəklədiyi proses və ya Qloballaşma – çağırılmamış əziz qonaq...” (2, 53). O, “Qloballaşma nədir?” məqaləsində qloballaşmanı oda bənzədərək qeyd edir ki, necə ki, od həm bizə xörək bişirmək, isinmək, metalı əridib istədiyimiz formaya salmaq imkanı verir, həm də meşələri, kəndləri yandırıb külə döndərə bilir. Ona görə də biz ondan ehtiyatla, ağılla istifadə etməliyik. Müəllifin fikrincə, bəşər qloballaşmaya doğru min illərdir ki, yol gedir. Bu qaçılmaz bir prosesdir. Sadəcə, hər kəs ondan düzgün istifadə etməlidir ki, özünə və başqalarına ziyan vurmasın, əksinə xeyir götürsün.

Hələ qədim dövrlərdə dünyanın vahid bir hakimiyyət altında birləşdirilməsi, bütün ərazilərdə yaşayan insanların bir araya gətirilməsi cəhdləri olmuşdur. Buna, tarix boyu müxtəlif dövrlərdə baş vermiş və kifayət qədər böyük torpaqları əhatə edən işğallar nəticəsində qurulan böyük imperiyalar ( Hun, Roma, Fars, Osmanlı imperiyaları və s.), və eyni zamanda bu imperiyaları quran, dünyanı bir bayraq, bir dil, bir din altında birləşdirməyə çalışan sərkərdələri ( Atilla, Yuli Sezar, Osman Qazi, Makedoniyalı İsgəndər, Çingiz xan, Əmir Teymur və s.) misal göstərmək olar. VII-VIII əsrlərdə İslam dininin ərəblər tərəfindən yayılması, insanların bir din və bir dil altında birləşdirmə cəhdlərini elə bir növ qloballaşma hesab etmək olar. Hətta yaxın keçmişimizdən alman-faşist işğallarını, yəni Adolf Hitler siyasətini də bu siyahıya əlavə edə bilərik. Bəli, hər dövrdə dünyanı bir hakimiyyət altında birləşdirmə cəhdləri olmuşdur. Amma qlobal inteqrasiyanın daha da inkişaf dövrü XVI-XVII əsrlərdən hiss olunmağa başlayır, çünki artıq yaxın torpaqlar deyil, dəniz-okeanla ayrılmış torpaqların axtarışı başlanır və ilk addımlar Portuqaliya və İspaniya tərəfindən atılır. Daha sonra isə ingilis dili digər ölkələrə yayılmağa başlayır. XVIII əsrdə Avstraliyaya, XVII-XX əsrlərdə Kanada, Hindistan, Afrika, Yeni Zelandiya və s.

Qloballaşmanın “ilk erası” XIX əsr hesab olunur. Bu dövrdə, Avropa ölkələri və yeni yaradılmış koloniyalar arasında beynəlxalq ticarət və sərmayə qoyuluşunun istiqamətində sürətli inkişaf gedir. Lakin bu inkişaf az sonra I Dünya müharibəsinin başlanması səbəbindən dayanır. Müharibənin ardınca isə böhran illəri (1920-1930), daha sonra isə II Dünya müharibəsi başlayır. Təbii ki, ard-arda baş verən, böyük fəlakətlərlə və kütləvi insan təlafatı ilə nəticələnən bu müharibələr zamanı qloballaşma, inkişaf  haqqında düşünmək mənasız olardı. Çünki, o zaman hamını düşündürən əsas məsələ sağ qalmaq idi. Məhz II Dünya müharibəsindən sonra bütün sahələr üzrə qloballaşmaya meyl artır və hər tərəfli inkişaf gedir. Beynəlxalq yenidənqurma və inkişaf bankı və Beynəlxalq valyuta fondu kimi yeni qurumlar yaradılır ki, bunun da nəticəsində beynəlxalq ticarət üzrə mövcud maneələr beynəlxalq sazışlər vasitəsilə aradan qaldırılır və şərtlər daha münasib formaya gətirilir. İqtisadi baxımdan dünya üzrə inkişafın getməsi digər sahələrin də inkişafına səbəb olur. İnformasiya mübadiləsi, mədəniyyəti təmsil edən incəsənət sahələri olan musiqi, kino, dəb tərzi nümunələrinin qloballaşması, həyat və ünsiyyət tərzinin mübadiləsi kimi proseslər dünyanın bir bölgəsində gedən hər hansı yeni proseslərdən digər bölgəsinin də xəbər tutmasına kömək edir. Dünya əhalisi bir-birləri haqqında daha çox məlumat əldə edir və müxtəlif mədəniyyət, ünsiyyət, texnologiyalar ilə tanış olur. Ən başlıcası isə bütün bu fərqləri hər kəsə aydın şəkildə çatdıra bilən qlobal dil inkişaf edir.

Aysel Qəribli “Azərbaycan dili qloballaşan dünyada” kitabında qloballaşma haqqında belə deyir: “Qloballaşma həyatın ən müxtəlif sahələrini əhatə edən elə bir universal prosesdir ki, yüz, hətta min illər boyu bir-birindən bu və ya digər dərəcədə ayrılıb təcrid olunmuş, parçalanmış, diferensiallaşmış hadisələri – milli, yaxud regional xüsusiyyətləri, vərdişləri, kompleksləri modern texnologiyaların güclü təsiri altında görünməmiş bir sürətlə bir-birinə yaxınlaşdırır, qovuşdurur və nəticə etibarilə, çoxşaxəli əlaqələrlə səciyyələnən iqtisadi, ictimai-siyasi və mənəvi-ideoloji bütövlük yaratmaqla əlahiddəliyi məhdudlaşdıraraq dünyada baş verən hadisələri, gedən prosesləri vahid məcraya salır”. Əslində, orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayan, lakin XX əsrin ortalarından etibarən daha geniş vüsət alan (sürətlə inkişaf edən) qloballaşmanın əsas göstəricisi, yaxud atributu bütün dünyanı əhatə edən genişmiqyaslı inteqrasiya və ya beynəlmiləl ünsiyyət – kommunikasiya ehtiyacıdır (1, 3)

Anar Əsədovun “Günümüzün fenomeni: Qloballaşma” məqaləsində yazdığı fikirlər də maraqlıdır. O, qloballaşma məfhumunu belə izah edir: “Məhdud (idtisadi) mənada qloballaşma, istehsal faktorlarının (kapital, əmək, təşəbbüskar, bilgi və mal) və xidmətlər ticarətinin bütün dünya miqyasında sərbəst və ardıcıl hərəkət qabiliyyəti qazanmasıdır. Geniş mənada qloballaşma isə, bir fenomendir və universal siyasi, ictimai və mədəni dəyərlərin milli baryerləri aşaraq lokal norma və rutinlər halını almasıdır” (2, 20). Tərifdən də göründüyü kimi A.Əsədov qloballaşmaya iki aspektdən yanaşır. Əlbəttə, qloballaşma əvvəlcə məhdud, yəni bir istiqamətdə inkişafa başlasa da, artıq həyatımızın bütün sahələrinə yayılmış vəziyyətdə inkişafını davam etdirir.

Qloballaşmanın nəzəri tədqiqi onun iki model üzrə inkişaf etdiyini göstərir. Əgər iqtisadiyyatda, maliyyədə, beynəlxalq hüquqda standartlaşma və eyniləşməyə aparan inteqrasiyanın zəruriliyindən söhbət gedirsə, sivilizasiyaların qarşılıqlı təsirinin genişləndiyi şəraitdə milli mədəniyyətlərin özünəməxsusluğunun, təkrarolunmazlığının, koloritinin saxlanılması əsas vəzifələrdən birinə çevrilir. Qloballaşma zamanı öz mədəni, milli adət-ənənələrini qərb mədəniyyəti nümunələrindən, həm də heç də ürəkaçan olmayan nümunələrindən qorumaq, müdafiə cəhdi daha da artır və təbii reaksiya kimi daha da aktuallaşır. Bazar qanunları üzrə həyata keçirilən qloballaşma, qeyd edildiyi kimi standartlaşma və unifikasiyanı nəzərdə tutursa, mədəni qloballaşma lokal mədəniyyətlərin milli, etnik və digər özünkülükləri özündə cəmləşdirən universal mədəniyyətin formalaşdırılması kimi başa düşülür.

Qloballaşma mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı təsirinin artmasında, həyat tərzlərinin, mədəni normaların və dəyərlərin standartlaşmasında, insanların şüurunda və davranışında, təhsilində, dilində ciddi keyfiyyət dəyişikliklərinin baş verməsində özünü açıq biruzə verir. Fövqəlmilli (millətüstü) və transmilli strukturların, beynəlxalq münasibətlər sisteminin iştirakçılarının (beynəlxalq və qeyri hökumət təşkilatları, dini qurumlar və s.) rolunun artması, insan hüquq və azadlıqlarına diqqət, hüquq normaları və sosial standartların universallaşması və s. ümumdünya səviyyəsində qarşılıqlı çulğaşmanın və inteqrasiyanın nə qədər sürətlə getdiyini sübut edir (4, 87).

Şahin Əhmədoğlu “Qloballaşma, din, islam” məqaləsində qloballaşma fenomenini belə izah edir: “Müasir dünya siyasətinin ayrılmaz bir parçası halına gələn qloballaşmanın kökündə, hər nə qədər sənayenin inkişafı mühüm yer tutsa da, bunun kökündə bir çox faktorlar vardır. Qloballaşmanın ortaya çıxmasında əsasən 3əsas faktor əhəmiyyətli rol oynamışdır: İqtisadi inkişaf, siyasi güc və mədəni əlaqələr. Bu faktorlara elm, təhsil və medianı da əlavə etmək olar” (2, 104)

Akademık Ramiz Mehdiyev qloballaşma şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülü məsələlərinə həsr etdiyi “Azərbaycan: Qloballaşma dövrünün tələbləri” adlı kitabında yazır: “Nəhəng siyasi, iqtisadi və sosiomədəni inteqrasiyada özünü göstərən müasir qloballaşmanı tam mənada ictimai həyatın müxtəlif tərəflərinin beynəlmiləlləşməsinin yeni mərhələsi kimi qiymətləndirmək olar” ( 3, 124 ). 

1960-70-ci illərdə təşəkkül tapan bu yeni mərhələdə  beynəlmiləlləşmə prosesləri dünya miqyası almaqdadır. Bu halda söhbət sadəcə olaraq müxtəlif ölkələrin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılığının məkanca genişlənməsindən deyil, həm də ictimai münasibətlərin beynəlmiləlləşməsinin daha yüksək inkişaf pilləsinə qalxmasından gedir. Qloballaşmanın təməli, əsasən, iqtisadiyyat sahəsində yəni, maliyyə bazarlarının əlaqələnməsində atılsa da, hal-hazırda qloballaşma, demək olar ki, bizi əhatə edən bütün sahələrdə açıq-aşkar hiss olunmaqdadır. O, artıq həm elmə, həm siyasətə, həm  mədəniyyətə, həm də hüquq sisteminə təsir göstərir. XX əsrin iri transformasiyaları və dərin sarsıntıları dünya tarixində qlobal siyasi və iqtisadi inteqrasiyanın, heyrətamiz elmi-texniki tərəqqinin vüsətinin, həm bütövlükdə dünyanı, həm də ayrı-ayrı dövlətləri, cəmiyyətləri və fərdləri kökündən dəyişdirmiş, demokratik ideyaların və liberal baxışların geniş yayılmasının başlanğıc dövrü kimi qalacaqdır. Düzdür, qloballaşmanın yüksək elmi-texniki tərəqqiyə, transmilli korporasiyaların sürətli inkişafına, maliyyə bazarlarında daim baş verən sıçrayışlara, mədəniyyət və siyasət aləmində baş verən yeniliklərin bir anda bütün dünyaya yayılmasına təsiri  danılmazdır. Bununla bərabər, dünya məkanının bir hissəsində tərəqqinin inkişafı və digər tərəfdə də geri qalmış dövlətlərin və cəmiyyətlərin olması faktı istisna deyil.

Qloballaşma bütün dünya ölkələrinə təsir etdiyi kimi Azərbaycandan da təsirsiz ötüşməyir. Biz qloballaşmanı bir çox sahələrdə hiss edirik. İlk növbədə iqtisadiyyatın qloballaşması – dünya inkişafının bir qanunauyğunluğudur. İqtisadiyyatın artan qloballaşması kapitalın yerdəyişmə miqyasının və tempinin kəskin artımında ifadə edilir. Ölkəmizin iqtisadi inkişafının bu günkü səviyyəsi göz qabağındadır. Müstəqillik qazandığımız qısa müddət ərzində respublikamızda gedən yüksək inkişaf (kənd təsərrüfatının inkişafı üçün yaradılan şərait və ayrılan maliyyə, yeni fabrik və zavodların açılışı, neft sənayesinin inkişafı, inşaat sektorundakı heyrətamiz irəliləyiş və s.) bir fakt olaraq inkar olunmazdır.

Qloballaşma mədəniyyət sahəsində daha aydın hiss olunur. Hər yerdə yayılmış internet mədəni qloballaşmada böyük rol oynayır. Turizmin inkişafı, çekilən yeni filmlərin bir anda dünyanın bir çox ölkəsində yayımlanması, nəşr olunan yeni əsərlərin tərcümə olunaraq bütün dünyaya yayılması qloballaşmanın müsbət təsirinin nəticəsidir. Lakin digər tərəfdən məşhur beynəlxalq mədəni hadisələr milli fenomenləri sıxışdırıb aradan çıxara və ya onları beynəlmilələ çevirə bilər. Çoxları bunu milli mədəni dəyərlərin itkisi kimi qiymətləndirir və milli mədəniyyətin dirçəlişi üçün mübarizə aparır.

Bir çox alimlər ( S. Hantinqton, Piter L. Berqer və s.) qloballaşmanın milli dəyərləri məhvə apardığı qənaətindədir. Millilikdən kütləviliyə keçiş, milli deqradasiya heç şübhəsiz xalqların öz təşəbbüsü ilə baş vermir. Əlbəttə, icraçı hər bir xalqın öz nümayəndələri olsa da, proses biixtiyar baş verir. Qloballaşmanın əleyhinə çıxanlar onun, “milli mən”i məhv etdəcəyi fikrindədir. Doğrudan da, qarşılıqlı inteqrasiya, elm və texnikanın sürətli inkişafı milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi işində məsuliyyəti artırır. Çünki, hər bir xalqın özünəməxsus inancları, adət-ənənələri, milli dəyərləri vardır və bu dəyərləri qorumaq elə xalqın öz üzərinə düşür. Sevindirici haldır ki, Azərbaycan qloballaşan dünyanın bir hissəsi olaraq, qərbin nailiyyətlərindən istifadə etməklə, şərqə mənsubluğunu, öz adət-ənənələrini və milli tarixini böyük məsuliyyət və fəxrlə qoruyub saxlayır. Bu, dərk edilmiş və düşünülmüş strateji xətdir və dövlətin, cəmiyyətin inkişafına istiqamətləndirilmişdir.

Qloballaşma qarşısına çıxan hər şeyi əhatəyə alır, heç bir şey onun təsirindən kənarda qala bilmir. Burada haqlı olaraq bir sual ortaya çıxır, qloballaşma insan həyatına hansı yenilikləri gətirmişdir? Fikrimizcə, bu suala cavab verilsə, həm qloballaşma, həm də din haqqındakı düşüncələr doğru şəkildə başa düşülər. Qloballaşma ilk olaraq insan həyatının sürətlə hərəkətini təmin etmişdir. Bununla birlikdə, texnologiyanın inkişaf etməsi ilə insanlar dünyanın istənilən nöqtəsindən asanlıqla və qısa bir zamanda məlumat almaq imkanı əldə etmişdir. Bu isə sürətli düşünməyi ortaya çıxarır və insan beyninin daha çox inkişafına istiqamət verir. Amma bu sürətli inkişaf , qloballaşmanın doğru başa düşülməsini çətinləşdirir.

Qloballaşma fenomeni yer kürəsini öz ağuşuna aldıqca bu anlayışa münasibətlər heç də bir mənalı qalmamışdır. Yuxarıda da qeyd etdiyimiz kimi bəzi alimlər bu fenomeni pisləyib əleyhinə çıxsa da, qloballaşmanın tərəfdarları da az deyil. Qloballaşma mövzusuna  həsr edilmiş çoxsaylı ədəbiyyatın təhlili bu məsələdə çox müxtəlif və əksər halda bir-birini inkar edən mövqelərin mövcud olmasını göstərir. Bu bir tərəfdən mədəniyyətin qloballaşması haqqında vahid elmi konsepsiyanın olmadığını sübut edirsə, digər tərəfdən məsələnin nə qədər qarışıq, mürəkkəb və ziddiyyətli olduğuna işarədir. Həqiqətən də, qəribə bir paradoksal vəziyyətlə qarşılaşmış oluruq. Qloballaşma ölkələr arasında  əvvəllər mövcud olan maneələrin aradan qaldırılmasına kömək edərək, inteqrasiyanı sürətləndirsə də, bu, mədəni səviyyənin genişləndiyi bir zamanda milli identikliyin qorunması zərurətini ortaya çıxarır. Eyni zamanda qloballaşma millətlər, xalqlar  və ölkələr arasındakı fərqin, mədəni bərabərsizliyin getdikcə dərinləşməsinə səbəb olur. İqtisadi, mədəni və siyasi baxımdan lider dövlətlərlə autsayder-dövlətlər arasında fərqlər getdikcə artmaqdadır. Çox böyük təəssüflə qeyd etmək lazımdır ki, qloballaşma (qlobalizasiya) müxtəlif  ölkələrin mədəni inkişafı arasındakı fərqləri nəinki aradan qaldırmır, əksinə, daha da dərinləşdirir.

Qloballaşma dövründə mədəniyyətlərin unifikasiyasını təkcə ayrı-ayrı mədəni formaların itməsi ilə deyil, həm də mədəni yekcinsliyin insanların təfəkkür tərzinin, dünyagörüşünün yekcinsləşməsinə gətirib çıxarması ilə təhlükəlidir. Məhz bu təhlükə müxtəlif  beynəlxalq təşkilatların, o cümlədən BMT və YUNESKO-nun mədəni müxtəlifliyin qorunmasına yönəlmiş bir sıra qərarlar qəbul etməsinə səbəb olmuşdur ( 3, 40).

Müasir dünya xalqların milli-mədəni, etnik fərqlərini nəzərə almadan, bir baxışda bütün bu fərqlərə biganə qalaraq onları öz ağuşuna almışdır. Dünya bir vəhdət təşkil edir. Ona görə də milli mədəniyyətlərin zənginliyi bütün bəşəriyyətin mənəvi zənginliyi mənasındadır. Bu səbəbdən də, hər bir milli mədəniyyət, dövlət atributu çox dəyərli sərvət olaraq diqqət və qayğı tələb edir. Xalqların öz milli-mədəni irslərini qoruyub saxlamaq və inkişaf etdirmək cəhdlərini köhnəliyin qalığı kimi qəbul edən qloballaşmanın qızğın tərəfdarlarından fərqli olaraq, mədəniyyət heç zaman mücərrəd, tamamilə ümumbəşəri xarakter almayacaq, o həmişə konkret, milli formada inkişaf edəcəkdir. Bununla yanaşı məlum həqiqətdir ki, mədəniyyət mahiyyətcə özünəməxsus, milli olsa da, o təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Milli mədəniyyət özgürlüyünü saxlamaqla, digər mədəniyyətlərlə qarşılıqlı əlaqəyə girərək, qarşılıqlı şəkildə zənginləşərək ümumbəşəri mədəniyyət səviyyəsinə çata bilər. Bu xüsusiyyət dildə də özünü göstərir. Dil də digər dillərlə əlaqəyə girərək söz alış-verişi nəticəsində zənginləşir, əhatə dairəsi genişlənir. Əsasən, terminlərdə alınmaların çoxluğu açıq-aşkar hiss olunur. Düzdür, bu terminlərin çox hissəsi beynəlmiləl sözlərdir və bu, dünya elm adamlarının rahat ünsiyyət qurmalarında işi asanlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, alınmaların dildəki mövqeyi möhkəmləndikcə, milli sözlərin gələcəyi təhlükə altına alınır. Bu baxımdan da alınmaları dilə daxil edərkən son dərəcə diqqətli olmaq vacibdir. Unutmaq lazım deyil ki, dilin gələcək taleyi bizim bugünki seçimlərimizdən asılıdır.


Список литературы

1. Aysel Qəribli. Azərbaycan dili qloballaşan dünyada. Bakı-2013.
2. “Qloballaşmaya doğru” (məqalələr toplusu). Bakı-2006.
3. Ramiz Mehdiyev. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı-2005.
4. Sevda Əhədova. Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı-Elm-2014

Расскажите о нас своим друзьям: